Kəngərli xəstəxanasının təcili yardım şöbəsində dərmanların çatışmadığı, oksigen aparatlarının isə işləmədiyi bildirilir. Sakinlər təcili yardım maşınlarının da çağırışlara gec gəldiyini deyirlər.
“Gündəlik Naxçıvan”a danışan sakinlərin sözlərinə görə, bu problemlər ağır vəziyyətdə olan xəstələrin həyatını təhlükəyə atır. Bir qrup təcili yardım əməkdaşı isə bəzi dərmanları öz ciblərindən aldıqlarını və xəstə çox olanda şöbədə yer çatmadığını bildirir.
Rayon sakini M. Əliyev deyir ki, təcili yardım gec gəlib, yolda isə aparat işləmədiyi üçün yaxınına oksigen verə bilməyiblər:
“Yaxınımın səhhətində problem yarandığı üçün təcili tibbi yardım şöbəsinə müraciət etdik. Təcili tibbi yardımın gəlməsi həm yubandı, həm də ilk tibbi yardım üçün zəruri dərmanların çoxunun olmadığı üzə çıxdı. Əməkdaşlar onlara dərmanların verilmədiyindən şikayətləndilər.
Bəzən ağrıkəsicini belə öz xərcləri ilə aldıqlarını bildirdilər. Xəstəxanaya aparılarkən nəfəs almaqda əziyyət çəkən xəstəyə oksigen vermək zərurəti yarandı. Bu dəfə də oksigen aparatı işləmədi. Belə vəziyyətlə qarşılaşanda isə istər-istəməz narahat olursan: sabah daha ağır vəziyyətdə olan bir xəstə olsa, ona necə yardım göstəriləcək?”
Adının açıqlanmasını istəməyən təcili yardım əməkdaşı deyir ki, şöbədə dərman da, yer də çatmır:
“Təcili yardım şöbəsində vəziyyət heç də ürəkaçan deyil. Bir sıra zəruri dərman preparatları çatışmır. Məcbur qalıb bəzi dərmanları özümüz alırıq. Oksigen aparatlarının işləməməsi də ciddi problemdir.
Təcili yardım şöbəsi elə bir yerdir ki, burada xəstəyə bəzən dəqiqələr ərzində müdaxilə etmək lazım gəlir. Lazımi dərman və avadanlıq olmadıqda həkimin imkanları məhdudlaşır. Xəstə sayı çox olanda isə otaqlarda yer çatışmır. Bütün bunlar həm tibb işçilərinin işini çətinləşdirir, həm də xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinə mənfi təsir edir. Şikayət etmək isə işini itirmək təhlükəsi ilə üz-üzə qoyur”.