Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada geniş daşınmaz əmlak portfelinə sahib olması ilə bağlı araşdırma təqdim edib.
Araşdırmaya görə, Orxan Eyyubov son 14 il ərzində İngiltərədə ümumi alış dəyəri təxminən 10 milyon funt sterlinqə çatan 17 daşınmaz əmlak əldə edib. Əmlakların alınması onun benefisiar nəzarətində olduğu bildirilən NEW CANADA CAPITAL LTD şirkəti vasitəsilə həyata keçirilib.
Britaniyanın rəsmi şirkət reyestrindəki məlumatlar da Orxan Eyyubovun bu şirkətlə əlaqəsini təsdiqləyir. O, 2009-cu ildən şirkətin direktorudur. Companies House məlumatlarında Orxan Eyyubov şirkətin 50 faizdən çox, 75 faizdən az səhmlərinə və səsvermə hüquqlarına sahib şəxs kimi göstərilir.
Şirkətin öz internet səhifəsində isə idarə etdiyi aktivlərin dəyərinin 17 milyon funt sterlinqdən artıq olduğu qeyd edilir.
Cavanşir Həsənlinin təqdim etdiyi məlumatlarda Orxan Eyyubovla əlaqələndirilən əmlakların siyahısı diqqət çəkir.
Siyahıda London, Banbury, Ashford, Buckingham, Wisbech, King’s Lynn, Sevenoaks, Welwyn Garden City, Northampton və Windsor şəhərlərində yerləşən obyektlər var.
Əmlakların bir qismi və onların alış qiymətləri belədir:
* 19 High Street, Ashford – 340 min funt;
* 345 Upper Richmond Road West, London – 400 min funt;
* 212 Upper Richmond Road, Putney – 395 min funt;
* 1 Horse Fair, Banbury – 2 milyon 200 min funt;
* 2 Horse Fair, Banbury – 300 min funt;
* 16 Market Square, Buckingham – 385 min funt;
* 1 High Street, Banbury – 300 min funt;
* 36 və 37 Market Place, Wisbech – 465 min funt;
* Unit 2, 14 Norfolk Street, King’s Lynn – 350 min funt;
* 123 High Street, Sevenoaks – 317 min 500 funt;
* 37 Wigmores North, Welwyn Garden City – 336 min funt;
* 72 High Street, Winchester – 725 min funt.
Bundan başqa, Londonun New Kings Road və Camden Walk ünvanlarında, Northampton şəhərində The Drapery ərazisində, eləcə də Windsor şəhərində High Street-də yerləşən obyektlər də siyahıda yer alır. Həmin əmlakların bir qisminin alış qiyməti açıqlanmayıb.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.