Gəncənin ən böyük tibb müəssisələrindən biri olan Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında xəstələrin müalicə və saxlanma şəraiti ilə bağlı vətəndaşların narazılıqları gündəmə gəlib.
Qeyd edək ki, xəstəxana hazırda TƏBİB-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının strukturunda fəaliyyət göstərir.
PatriotNews.com.az-a daxil olan müraciətlərdə xəstələrin və onların yaxınlarının üzləşdiyi bir sıra problemlərdən bəhs edilir.
“Bu dərman və iynə xəstəxanada yoxdur”
Vətəndaşların iddialarına görə, həm təcili şöbədə, həm də stasionar müalicə zamanı xəstələrə bəzi dərman və iynələrin xəstəxanada olmadığı bildirilir.
Nəticədə xəstələrin yaxınları həmin preparatları apteklərdən öz vəsaitləri hesabına almağa məcbur olurlar.
Bu isə onsuz da xəstəliklə bağlı maddi və mənəvi çətinlik yaşayan ailələr üçün əlavə yük yaradır.
Palatalarda natəmizlik, texniki vasitələr sıradan çıxıb
Şikayətlər bununla da bitmir.
Vətəndaşların sözlərinə görə, bəzi palatalarda natəmizlik müşahidə olunur, xəstələrin istifadəsi üçün nəzərdə tutulan bir sıra texniki vasitələr isə sıradan çıxmış vəziyyətdədir.
Bundan başqa, sanitar qovşaqlarının təmirə ehtiyacı olduğu bildirilir.
Xəstəxanada müalicə alan insanların sağlamlığının bərpası üçün yaradılan şəraitin özü əlavə narahatlıq mənbəyinə çevrilməməlidir.
Yataq dəstləri niyə xəstələrin yaxınlarının üzərinə düşür?
Daha bir ciddi iddia isə xəstələrə təqdim olunan yataq dəstlərinin vəziyyəti ilə bağlıdır.
Vətəndaşların bildirdiyinə görə, bəzi yataq dəstləri yararsız vəziyyətdə olduğundan xəstələrin yaxınları məcbur qalaraq evdən yataq dəsti gətirirlər.
Təbii sual yaranır:
Stasionar müalicə alan xəstənin təmiz və yararlı yataq dəsti ilə təmin olunması xəstəxananın vəzifəsinə daxil deyilmi?
Şöbələrə kənar şəxslər necə daxil olur?
Xəstələrin narazılıq etdiyi digər məsələ isə xəstəxananın şöbələrinə kənar şəxslərin daxil olmasıdır.
İddialara görə, bəzi şəxslər əllərində müxtəlif meyvə və tərəvəzlər olmaqla palatalara daxil olaraq məhsulları xəstələrə və onların yaxınlarına satmaq adı ilə təklif edirlər.
Əgər bu iddialar təsdiqini taparsa, burada həm sanitar, həm də təhlükəsizlik baxımından ciddi suallar yaranır.
Xəstəxananın şöbələrinə kənar şəxslərin girişinə kim nəzarət edir?
“Əlavə diqqət” iddiası araşdırılmalıdır
Vətəndaşların səsləndirdiyi daha bir ciddi narazılıq isə xəstələrə münasibətlə bağlıdır.
Bəzi xəstə yaxınları iddia edirlər ki, xəstəyə daha yaxşı və diqqətli xidmət göstərilməsi üçün müəyyən formada “əlavə diqqət” gözləntisi yaradılır.
Onların sözlərinə görə, bu gözlənti qarşılanmadıqda xəstəyə münasibətdə diqqətsizlik müşahidə olunur.
Bu iddialar doğrudursa, məsələ ciddi şəkildə araşdırılmalıdır.
Aidiyyəti qurumlar suallara cavab verməlidir
Maraqlıdır ki, 2026-cı ilin may ayında da Abbas Səhhət adına xəstəxanada şəraitlə bağlı xəstələrin və yaxınlarının oxşar şikayətləri mediada yer almışdı. Həmin məlumatlarda çarpayı və xərəklərin texniki vəziyyəti, döşəmələr və sanitar qovşaqlarla bağlı problemlərdən bəhs olunurdu.
Digər tərəfdən, xəstəxana 2016-cı ildə əsaslı təmirdən sonra istifadəyə verilmiş, 245 çarpayılıq tibb müəssisəsində müasir tibbi avadanlıqların quraşdırıldığı rəsmi məlumatlarda bildirilmişdi.
Bu baxımdan hazırda səsləndirilən iddialar daha ciddi araşdırma tələb edir.
PatriotNews.com.az olaraq aidiyyəti qurumlardan aşağıdakı suallara aydınlıq gətirilməsini gözləyirik:
- Xəstələrə lazım olan dərman və iynələrin xəstəxanada olmamasının səbəbi nədir?
- Xəstələr hansı hallarda dərmanları öz hesablarına almalıdırlar?
- Palataların sanitar vəziyyətinə kim nəzarət edir?
- Yararsız yataq dəstləri nə zaman yenilənəcək?
- Sıradan çıxmış texniki vasitələrin bərpası nə vaxt həyata keçiriləcək?
- Sanitar qovşaqların təmiri ilə bağlı tədbirlər görüləcəkmi?
- Kənar şəxslərin xəstəxananın şöbələrinə daxil olmasına necə yol verilir?
- Xəstələrdən hər hansı formada əlavə ödəniş və ya “diqqət” tələb olunması ilə bağlı araşdırma aparılıbmı?
PatriotNews.com.az olaraq bildiririk ki, səsləndirilən fikirlər vətəndaşların müraciətləri əsasında hazırlanıb və hər bir iddianın aidiyyəti qurumlar tərəfindən araşdırılmasına ehtiyac var.
Redaksiyamız Abbas Səhhət adına xəstəxananın rəhbərliyinin və TƏBİB-in məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırdır.
Çünki söhbət insanların sağlamlığından, təhlükəsizliyindən və dövlət tibb müəssisəsində layiqli tibbi xidmət almaq hüququndan gedir.
Patriot News.com.az