Daxil olmuş şikayətlər əsasında aparılan xidməti araşdırma zamanı ortaya çıxan faktlar sadəcə texniki nöqsanlar deyil, sistemli çatışmazlıqlardan xəbər verir. Dərnək saatlarının təşkili, şagird davamiyyəti, dərs bölgüsündə ciddi pozuntular – bütün bunlar təhsil kimi həssas sahədə bağışlanması çətin olan məsələlərdir.
Ən diqqətçəkən məqam isə odur ki, bu problemlər təkcə aşağı səviyyədə deyil, məhz rəhbərlik səviyyəsində baş verib. Qanunvericiliyin – xüsusilə “Dövlət qulluğu haqqında” və etik davranış qaydalarının pozulması artıq məsələyə hüquqi müstəvidə yanaşmanı qaçılmaz edib.
Əvvəlcə intizam tənbehi, ardınca isə yekun qərar – işdən azad olunma. Bu ardıcıllıq onu göstərir ki, məsələ tələsik deyil, mərhələli şəkildə araşdırılıb və qərar əsaslandırılmış formada verilib.
Bəs bu qərar nə deməkdir?
Bu, bir siqnaldır. Təkcə Xaçmaza yox, bütün regionlara.
Bu, onu göstərir ki, kağız üzərində qurulan “nizam-intizam” real vəziyyəti ört-basdır edə bilmir. Və gec-tez, gecikmiş də olsa, hesabat günü gəlir.
Vətəndaşlar nə deyir?
Məsələ ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlər də cəmiyyətin bu qərara biganə qalmadığını göstərir:
– News Tube: “Quba–Xaçmaz Regional Təhsil İdarəsini bu qərarına görə alqışlayıram. Xaçmaz rayonuna uğurlu bir insan gələr.”
– Ülvi Əliyev: “Qələmşah müəllimin nə qədər günahı olduğunu deyə bilmərəm, amma əsas bəzi məktəblərdə ciddi araşdırmalar aparılmalıdır.”
– Nazim Sultanzadə: “İnsanlar oturduqları kresloya çox güvənirlər. Amma o güvənə layiq olmaq lazımdır.”
– Rəsad Ağayev: “Gözlənilən qərar idi. İşi bacarmayan insan mütləq ki, işdən çıxarılmalı idi.”
– Araz Aslanov: “Həyat bumeranqdır. Yaşatdığını yaşamadan bu dünyadan köçmək olmur. İnsan bəzən kresloya görə dostu, qardaşı bir qələmdə silir, amma unudur ki, bir gün özü də eyni aqibəti yaşaya bilər. Vəzifə müvəqqətidir, insanlıq isə qalıcıdır.”
Bu rəylərdən də görünür ki, cəmiyyətdə mövzuya yanaşma birmənalı deyil. Kimisi qərarı dəstəkləyir, kimisi isə problemin daha dərin olduğunu düşünür.
BAKUNEWS