Sosial şəbəkə istifadəçiləri "Leobank"ın açıqladığı şərtlərin müştərilərdə yanlış təsəvvür yarada biləcəyini bildirirlər.
Qeyd edilib ki, bankın tariflərində qara Leo kartında 10 manatdan 999,99 manatadək qalıq üçün illik 5% faiz nəzərdə tutulsa da, hesablanmış faiz yalnız 1 manata çatdıqdan sonra ödənilir.
"Leobank"ın rəsmi saytında da göstərilir ki, faizlər kartdakı şəxsi vəsaitin qalığına gündəlik hesablanır, ödəniş isə hər ayın 1-də həyata keçirilir. Qara Leo kartında 10–999,99 manatlıq qalığa illik 5%, 1000 manat və daha yuxarı qalığa isə illik 6% hesablanır. Eyni zamanda, ödəniş üçün minimum məbləğ 1 manat müəyyən edilib.
Şikayətçi Ruslan Əlicanov deyir ki, bir ay ərzində hesablanan faizin 1 manata çatması üçün kartda təxminən 240 manat orta qalıq saxlanılmalıdır. Məsələn, 100 manat qalığa illik 5% dərəcə ilə bir ay üçün təxminən 0,42 manat faiz düşür.
Beləliklə, mübahisə 5%-lik illik faiz dərəcəsinin özündən deyil, hesablanan faizin ödənilməsi üçün 1 manatlıq minimum həddin tətbiqindən qaynaqlanır. Bankın hazırkı rəsmi tariflərində həm 5%-lik dərəcə, həm də “1 manatdan başlayaraq ödəniş” şərti göstərilib.
Leobank hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Plat.az