Əvvəla, İcra Hakimiyyətinin istinad etdiyi “aidiyyəti qurumların rəyləri” hansılardır?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi tikinti icazəsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binanın özülünün və yükdaşıma divarlarının bu əlavə ağırlığa tab gətirə biləcəyinə dair müsbət ekspertiza rəyi mövcuddurmu? Müsbət rəy varsa, bunun reystr nömrəsi və tarixi niyə ictimaiyyətə açıqlanmır?
İkincisi, Mənzil Məcəlləsinin tələblərinə görə binaların dam örtüyü və çardaq sahəsi orada yaşayan bütün sakinlərin ümumi paylı mülkiyyətidir. İcra Hakimiyyəti bu tikintini “normaya uyğun” adlandırarkən binadakı mənzil mülkiyyətçilərinin rəsmi yazılı razılığının olub-olmadığını araşdırıbmı?
Üçüncüsü, istismar müddəti və yükdaşıma həddi öncədən müəyyən olunmuş yaşayış binasının üstünə əlavə karkas və mərtəbə ucaltmaq hansı şəhərsalma estetikasına və təhlükəsizlik qaydasına sığışır?
Olası bir fövqəladə hal və ya seysmik aktivlik zamanı yarana biləcək fəsadların məsuliyyətini bu formal şərhləri yazan yetkililər öz üzərinə götürəcəkmi?
Şablon cavablarla qanunsuzluqların üstünü örtmək mümkün deyil.
Faktum.az olaraq məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi sorğular ünvanlayaraq mövzunu sonuna qədər diqqətdə saxlayacağıq.
Redaksiyamız qarşı tərəfin də rəsmi mövqeyini dərc etməyə hazırdır!