“Faktum.az” redaksiyasına vətəndaş Rüstəmov Firudun Xanəhməd oğlu tərəfindən şikayət daxil olub. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, “Alliance Clinic”də ona göstərilən 146 manatlıq tibbi xidmət müqabilində rəsmi nəzarət-kassa aparatının (NKA) fiskal çeki verilməyib.
Əvəzində vətəndaşın əlinə heç bir QR-kodu və fiskal ID-si olmayan, tamamilə qanunsuz, sadəcə klinika daxili bir “kağız parçası” tutuzdurulub.
Nəticədə vətəndaşın qanuni ƏDV-ni geri almaq hüququ mənimsənilib, klinikanın kassasına daxil olan vəsait isə dövlət uçotundan ustalıqla gizlədilib.
Baş həkim Fərid Eyvazov nəzərə almalıdır ki, pasiyentə rəsmi kassa çeki əvəzinə daxili qəbz vermək Vergi Məcəlləsinin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini açıq-aşkar tapdalamaqdır. İllərdir fəaliyyət göstərən bir tibb müəssisəsinin rəhbərliyi nəzarət-kassa aparatının istifadəsi qaydalarını bilmir, yoxsa daxil olan vəsaitləri rəsmi uçotdan yayındırmaq bu klinikanın iş metodudur?
Pasiyentin “cibinə girərək” onun qanuni ƏDV-sini mənimsəmək və dövlətin büdcəsinə çatacaq vergini gizlətmək hansı tibbi etikaya və qanuna sığır?
Deyəsən klinika rəhbərliyi unudur ki, pasiyentlər sadəcə gəlir mənbəyi deyil, onların hüquqları qanunla qorunur. Vətəndaşın aldığı 146 manatlıq xidmətin hesabını verə bilməyən, rəsmi kassa çekini pasiyentə çox görən bir müəssisənin göstərdiyi tibbi xidmətin şəffaflığı da artıq ciddi sual altındadır. Bu faktın və vətəndaşın pozulmuş hüquqlarının işıqlandırılması istiqamətində araşdırmalarımız davam edəcək.