Fəvvarəyə silinən 120 min manat və acınacaqlı mənzərə
Sakinlərin bildirdiyinə görə, Fuad Bayramov Gədəbəydə çalışdığı dövrdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iri məbləğdə vəsaitlərin mənimsənilməsindəiştirak edib. Şikayətdə xüsusilə 2023-cü ildə Gədəbəyin mərkəzində yerləşən Zəfər Parkında inşası həyata keçirilən fəvvarə (fontan) layihəsi qeyd olunur.
“2023-cü ildə Fuad Bayramovun Gədəbəyin mərkəzində tikdirdiyi Zəfər Parkındakı fəvvarəyə baxın. Görün nə gündədir... Artıq fəvvarə adına yalnız bərbad vəziyyətini görürük. Fəvvarənin işləməsindən söz gedə bilməz — mühərriki partlayıb, sağ-solu sökülüb. Hardasa 100–120 min manat belə bura pul yazılıb. Camaat istirahətə gəlir, amma qarşılaşdıqları mənzərə göz qabağındadır.”
İstirahət məkanı, yoxsa maxinasiya meydanı?
Sakinlər qeyd edirlər ki, rayon sakinlərinə və şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq salınmış Zəfər Parkında bu cür maxinasiyaların edilməsi mənəvi baxımdan da qəbuledilməzdir. Kağız üzərində yararlı və baha qiymətə başa gəlmiş kimi qələmə verilən fəvvarənin mühərrik hissəsinin sıradan çıxması, ətrafının sökülüb bərbad hala düşməsi ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair ciddi şübhələr doğurur.
Orxan Mürsəlovun Gədəbəydən sonra Göyçay Rayon İcra Hakimiyyətinə başçı təyin olunması və Fuad Bayramovun da onunla birgə yeni təyinat yerinə aparılması yerli sakinlərdə narahatlıq yaradıb. Onlar bildirirlər ki, Gədəbəydə böyük məbləğdə büdcə vəsaitlərinin silinməsinə rəvac verən şəxslərin cavabdehlikdən yayınaraq başqa rayonda analoji fəaliyyətlərini davam etdirməsi arzuolunmazdır.
Gədəbəy sakinləri aidiyyəti hüquq-muhafizə orqanlarından və Hesablama Palatasından Zəfər Parkındakı fəvvarənin inşasına ayrılan 120 min manatlıq vəsaitin xərclənmə istiqamətlərinin araşdırılmasını və məsələyə hüquqi qiymət verilməsini xahiş edirlər.(Gundemxeber.org)