Neftçalanın mərkəzi boyu uzanan H.Əliyev prospektində yüzlərlə şam ağacı baxımsızlıqdan məhv olub.
Bu barədə bizə müraciət edən Neftçala sakinləri bildirir ki, həmin ağaclar 50-60 il əvvəl əkilib və bu illər boyunca bu ağaclar Neftçalanın əsas florasını təşkil edib. Sakinlər bildirirlər ki, bu illər ərzində ağaclara normal baxım olub, lakin Mirhəsən Seyidov başçı olandan sonra ağaclara baxım dayandırılıb.
“Bu illər ərzində şam ağacları davamlı suvarılır və budanılırdı. Nədənsə Mirhəsən Seyidov rayona başçı təyin ediləndən sonra ağaclara qulluq dayandırıldı və hazırda yüzlərlə ağac quruyub”, deyə sakinlər bildiriblər.
Sakinlər ağaclara qulluğun dayandırılmasının səbəbini başa düşmədiklərini qeyd ediblər: “Biz ehtimal edirik ki, Mirhəsən Seyidov rayona başçı olaraq gəldikdən sonra ağacların qulluğuna ayrılan maliyyə vəsaiti mənimsənilib. Çünki o, başçı olduqdan sonra illər ərzində ağaclara su verilməyib və həmin ağacların necə quruduğunu başçı hər gün öz gözləri ilə görüb. Buna baxmayaraq, ağacların suvarılması ilə bağlı heç kəsə tapşırıq verməyib və heç kəsi də tənbeh etməyib. Halbuki başçı öz kabinetindən belə ağacların tədricən necə yanıb qurumasını illərlə müşahidə edib”, deyə şikayətdə bildirilir.
Bir daha qeyd edirik ki, sözügedən qurumuş ağaclar İcra Hakimiyyətinin binasının yerləşdiyi H.Əliyev prospektindədir və başçının illərlə bu ağacların qurumasını müşahidə eləməsi bir çox suallar doğurur.
Sakinlər onu da bildiriblər ki, ağaclar Neftçalanın mərkəzi prospekti boyunca uzandığı üçün, böyük ehtimalla, başçı qurumuş ağacları kəsərək torpağı satmağı planlaşdırır. Hətta şikayətçilərdən biri onu da qeyd edib ki, başçının köməkçisi Vüsal Atayev artıq bir neçə adamla bu barədə sövdələşib də.
Biz bütün bu iddiaların nə qədər doğru olub-olmadığını yaxın gələcəkdə görəcəyik və hesab edirik ki, Neftçala İcra Hakimiyyəti yüzlərlə ağacın kütləvi şəkildə quruması ilə bağlı ağlabatan bir açıqlama verməlidir.
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək Neftçalada yüzlərlə ağacın kütləvi şəkildə qurumasının səbəblərini araşdırmağı xahiş edirik.
Həmçinin Nazirliyə aşağıdakı suallarımızı da ünvanlayırıq:
Necə ola bilir ki, ETSN-nin Neftçaladakı məsul vəzifəli şəxsləri şəhərin mərkəzində ağacların susuzluqdan necə məhv olduğunu görməyiblər?
Əgər görüblərsə, ağacları xilas etmək üçün vaxtında öz vəzifələrini niyə yerinə yetirməyiblər? Onlara kim mane olub?
Redaksiyadan: Yazı dərc edilməyə hazırlanarkən Neftçaladan bizə zəng edib bildirdilər ki, H.Əliyev prospektində ağacların kəsilməsinə artıq başlanılıb və səhərdən bir neçə ağac kəsilərək naməlum istiqamətə aparılıb. /Poliqon/




